ECO Logistics & Waste Management MMC hazırda respublikamızda yeni sahə olan və inkişafına xüsusi ehtiyac duyulan tullantıların düzgün idarə edilməsi, daşınması və utilizasiyasının təşkili üzrə böyük layihələrdə uğurlar əldə edib və bu sahədə ölkənin aparıcı şirkətlərindən birinə çevrilib. Tullantıların daşınması və idarəedilməsi prosesi, müştərilərimizin quru və dəniz iş sahələrinin fəaliyyətində yaranan bütün növ təhlükəli və təhlükəsiz tullantılar üçün xüsusi tutumlu tullantı qablarının yerləşdirilməsi, bərk və maye halında olan tullantıların vaxtlı-vaxtında təhlükəsiz daşınması, utilizasiyası və zərərsizləşdirilməsi əməliyyatlarının həyata keçirilməsindən ibarətdir. Müştərilərimizi daha keyfiyyətli və sürətli iş prosesi ilə təmin etmək məqsədilə Qaradağ rayonu ərazisində ETSN ilə razılaşdırılmış və müəyyən edilmiş sahələrdə xüsusi texniki və maddi imkanlardan istifadə edərək "Tullantıların Çeşidlənmə Sahəsi", Hacıqabul Sənayə Məhəlləsində "Tullantıların Yandırılma Sahəsi və Çirkab Suların Təmizlənmə və Təkrar İstifadə Mərkəzi" inşa edilib. Bu müəssisələr vasitəsilə şirkət müştəri tələbatlarını nəzərə almaqla və təhlükəsizlik qaydalarına əməl etməklə əməliyyat sahələrindəki tullantıları ətraf mühitə ziyan vurmadan ceşidləyir, qablaşdırır və daha sonra presləyərək utilizasiyasını və təkrar istifadəsini təşkil edir. Qəbul edilən tullantılar təyinatı üzrə yerli qanunvericiliyin tələblərinə uyğun olaraq şirkətə məxsus yandırma qurğusunda yandırılır və basdırılma üçün xüsusi poliqonlara göndərilir. Müştərilərdən qəbul edilən tullantı sularının, şirkət ərazisində yerləşən su təmizləyici qurğularında mexaniki və bioloji təmizlənməsindən sonra əsasən yaşıllıqların inkişafına yönləndirilməsi nəzərdə tutulur. Qəbul edilən tullantıların utilizasiya prosesindən tam keçirilməsinə, tullantıların başqa ərazilərdə tərk edilməməsinə və ətraf mühitə zərər vurulmamasına tam zəmanət verilir.